Böyük Britaniya kraliçası II Yelizaveta və onun ailəsinin digər üzvlərinə sui-qəsd planlaşdıran 2 “İŞİD” silahlısı Suriyada məhv edilib. APA TV-nin xəbərinə görə, bu barədə “The Telegraph” qəzeti xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Böyük Britaniya vətəndaşları olan Reyad Xan və Cüneyd Hüseynin Londonda Yaponiya üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə partlayış törətmək niyyətlərinin öyrənilməsindən sonra onların zərərsizləşdirilməsinə qərar verilib. Avqustun 14-də Uaythollda keçirilən mərasimə kraliça II Yelizaveta, şahzadə Çarlz və kral ailəsinin digər üzvləri qatılıb. Kardiff sakini olan R. Xan Britaniya pilotsuz təyyarəsinin zərbələri, Birmingem sakini, 21 yaşlı Cüneyd Huseyn isə Amerika pilotsuz təyyarəsinin zərbələri nəticəsində məhv edilib.“The Telegraph” Reyad Xanın “İŞİD” sıralarına qoşulmazdan öncə Britaniya universitetlərindən birində təhsil aldığını yazıb. Cüneyd Hüseyn isə 2012-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyrin şəxsi “Twitter” hesabını dağıtdığı üçün mühakimə edilib.
Qeyd edək ki, sentyabrın 7-də parlamentdə keçirilən dinləmələrdə Böyük Britaniya baş naziri Devid Kemeron Suriyada bir neçə britaniyalı “İŞİD” silahlısının məhv edildiyi barədə məlumat verib.