Suriya ordusu müxalif qüvvələrinin mövqelərinə artilleriya və hava zərbələri endirib. APA TV-nin məlumatına görə, əsas hədəf bu dəfə İdlib vilayətinin Erix şəhərində möhkəmlənən silahlı qruplaşmalar olub. Əsəd ordusu onlara qarşı "çəllək bombaları"ndan istifadə edib. Nəticədə 6 nəfər ölüb, onlarla yaralı var.
Bu arada İraq hökuməti İŞİD-ə qarşı ABŞ-dan alınan "F-16"lardan istifadə etməklə ilk antiterror əməliyyatını həyata keçirdiklərini açıqlayıblar."Bu əməliyyatlarda "F-16"ların iştirakı İŞİD-lə mübarizədə öz sözünü deyəcək. Təyyarələrin köməkliyi ilə biz terrorçuların ələ keçirdiyi bölgələri və gizləndikləri nöqtələri məhv edəcəyik" deyə İraqın müdafiə naziri Xalid al-Ubeydi bildirib.
Müdafiə naziri bu bəyanatı səsləndirdiyi mətbuat konfransından çıxdıqdan sonra ordu birliklərinə baş çəkməyə gedib. Onun korteji Salah-əd-Din bölgəsində Bəyci və Tikrit şəhərləri arasında atəşə tutulub. Nazir sağ-salamat olsa da onun mühafizəçilərindən biri ağır yaralanıb.