Bakının dostu Netanyahu hakimiyyətə qayıdır - İsraillə münasibət indi niyə daha mühümdür?

Bakının dostu Netanyahu hakimiyyətə qayıdır - İsraillə münasibət indi niyə daha mühümdür? backend

İrana sərt münasibəti ilə seçilən, Azərbaycanla yəhudi dövlətinin əlaqələrinin bünövrəsini qoyan keçmiş baş nazirin partiyası cənub qonşu ilə əlaqələrimizin gərgin dövründə iqtidar oldu; deputat: “Hökumətin kimlərdən ibarət olmasının buna təsiri azdır”

İsraildə keçirilmiş parlament seçkilərindən keçmiş baş nazir Binyamin Netanyahunun liderlik etdiyi “Likud” Partiyası qalib ayrıldı. Bununla da Netanyahunun üçüncü dəfə hökumətin başına keçəcəyi gözlənilir.

“Yeni Müsavat” qeyd edir ki, İrana sərt münasibəti ilə seçilən bu şəxsin üçüncü dəfə hakimiyyətə gəlməkdə olduğu bir vaxtda Tehranın siyasəti nəticəsində Azərbaycanla cənub qonşusunun münasibətlərinin pisləşdiyi göz önündədir. Ekspertlərin fikrincə, İsrail-Azərbaycan dostluğu kimin hakimiyyətdə olduğundan asılı olmayaraq inkişaf tempinə malikdir. Amma o da faktdır ki, Azərbaycan-İsrail münasibətlərinin bünövrəsini əsasən Netanyahu qurub. Netanyahunun baş nazir olduğu dövrlərdə Azərbaycan-İsrail münasibətləri xüsusi inkişaf edib. Enerji təhlükəsizliyi məsələsində, hərbi təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq məsələlərində daha yüksək nəticələr əldə edilib. Ehtimal edilir ki, İranın yanlış davranışları indi onun Azərbaycan kimi qonşusu ilə münasibətlərini kəskinləşdirib ki, bu da İsrailin İranın ətrafında olan ölkələrlə müttəfiqliyini daha vacib edir. Bakının dostunun hakimiyyətə qayıdışı - İsraillə münasibət indi niyə daha mühümdür, bu sualı təhlil etmək lazımdır.

Onu deyək ki, ölkədə keçirilən növbədənkənar parlament seçkisinin nəticələri cənab Netanyahu üçün düşərli oldu, belə ki, “Likud”, “Dini Sionist” Partiyası, Birləşmiş Tövrat Yəhudiliyi və “Şas”ın daxil olduğu Netanyahu bloku 61 yerlik həddi keçib və növbəti koalisiyanı qura bilmək hüququnu qazanıb. Netanyahuya etimad İsrail daxilindəki ictimai-siyasi mövqe dəyişikliyinin indikatorudur, belə ki, nəticələr qarışıq sağçı mərkəz-solçu ərəb koalisiyasının bir il davam edən fəaliyyətindən sonra daxili auditoriyanın sağa doğru dəyişdiyinə işarə edir. Netanyahunun əvvəlki baş nazirlik təcrübəsinin xarici siyasət istiqamətinin ümumi təhlili göstərir ki, o, İsrailin rəqiblərinə qarşı sərt xətt tərəfdarıdır. Bundan sonra da Netanyahunun baş nazirliyi təsdiqlənsə, İsrailin xarici güclərə və regional tərəfdaşlara münasibətlərindəki tarazlıq qabiliyyətini necə saxlayacağı maraq doğurur. Təbii ki, İsrail-İran əlaqələrinin normallaşma mərhələsinə qədəm qoyacağı gözlənilmədiyindən bir-birinə düşmən kəsilən iki dövlətin maraq toqquşması kəskinləşəcək. Ancaq qənaət güclənir ki, vəziyyət İran üçün daha çətindir, son iki ildə İsrailin molla rejiminin kəşfiyyat fəaliyyətini ifşa etməsi və iranlı alimlərin öldürülməsi prosesi elə vüsət alıb ki, Tehran bunun öhdəsindən gəlməkdə acizdir.

Üstəgəl, İranın daxilindəki qarışıqlıqlar, molla rejiminin taleyinin ipdən asılı qalması Netanyahu üçün dəyərli fürsətlərdir və mümkündür ki, Təl-Əviv Vaşinqtonla Tehran arasında imzalanması gözlənilən nüvə sazişini də sabotaj edəcək addım səslərini gücləndirəcək. Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar da İsrail üçün cəlbedicidir, regionda Türkiyənin aktiv hərbi-siyasi iştirakı isə Bakı-Ankara-Təl-Əviv üçtərəfli əməkdaşlığını yaradacaq, İran isə bundan qıcıqlanan siyasətinə sadiqlik nümayiş etdirəcək.

Asim Mollazadə: “Dövlətimiz azad olunmuş ərazilərimizi cənnətə çevirməyə  qadirdir”

 Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, İsraillə Azərbaycan arasında sıx münasibətlər mövcuddur. Onun sözlərinə görə, İsraildə hökumətin kimlərdən ibarət olmasının buna təsiri azdır: “Çünki yəhudi və Azərbaycan xalqlarının qardaşlığı tarixi kökə malikdir. Ona görə iqtidara kimin gəlməsindən asılı olmayaraq, bu əlaqələr həmişə yüksək səviyyədə olacaq. Xüsusən də 44 günlük Vətən müharibəsində İsrail bizə dəstəyini göstərib. O baxımdan Netanyahu da Azərbaycana yaxşı münasibəti olan siyasətçidir və bu əlaqələr hər zaman inkişaf edəcək”.

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev isə hesab edir ki, Netanyahunun baş nazir olduğu dövrdə İsraildə Azərbaycan səfirliyinin açılması reallaşa bilər: “Artıq bunun tam zamanıdır və İran rejimi görməlidir ki, Qafanda konsulluq açmaq hansı xain siyasətin göstəricisidir. Bizim İsraillə yüksək səviyyəli əlaqələrimiz var, daha da genişləndirmək lazımdır, hərbi əməkdaşlığı gücləndirməliyik, azad edilən ərazilərin bərpasında yəhudi şirkətləri dəstəyi artırmalıdırlar və İrana da bir göz dağı olmalıdır. Çünki Tehrandakı hakimiyyət bütün körpüləri yandıracaq addımlar atdı. Halbuki İranın vurulması üçün vaxtilə Azərbaycanı platsdarm seçmək istəyən qüvvələr olub, biz bunu qəti şəkildə rədd etmişik. Heç vaxt da olmayacaq, amma cənub qonşusu bizim münasibətimizi dəyərləndirə bilmədi. Düşünürəm ki, Netanyahu kimi nəhəng siyasətçinin iqtidara qayıdışı İsrail-Azərbaycan münasibətləri üçün yeni üfüqlər açır, əməkdaşlıq genişlənəcək, onun Azərbaycana da səfərləri olardı və yenidən Bakıya gələcəyi istisna deyil. Amma seçkidə qalib gəlməsəydi belə, yenə də Təl-Əvivlə Bakının əlaqələri yüksək templə davam edəcəkdi”.

loading...
Diaspora