Kanadanın "Blackberry" şirkəti ABŞ-ın "Good Technology Corp" adlanan korporativ proqram təminatı istehsalçısını satın almaq barədə razılığa gəlib. Razılaşmanın dəyəri 425 milyon dollar təşkil edəcək.
AZƏRTAC "Sputnik" saytına istinadla xəbər verir ki, Blackberry"nin bəyanatına əsasən, "Good Technology Corp" şirkətini satın aldıqdan sonra smartfon istehsalçısının illik gəliri 160 milyon dollar artacaq. Bu ilin sentyabr-noyabrında sazişi bağlamaq planlaşdırılır.
“Böyük yeddilik” (G7) ölkələrinin hökumətləri, həmçinin dünyanın ən böyük bankları və hüquq şirkətləri "Good Technology Corp" şirkətinin müştəriləridir. "The Wall Street Journal" xatırladır ki, "Blackberry" smartfon bazarında öz mövqeyini itirdikdən sonra korporativ müştərilər üçün yüksək təhlükəsizlik səviyyəsinə malik proqram təminatının hazırlanması ilə məşğul olan istiqaməti inkişaf etdirməyi planlaşdırır.