"Növbəti koronavirus dalğasına hazırlaşın" – “Vaşinqton Post”

"Növbəti koronavirus dalğasına hazırlaşın" –  “Vaşinqton Post” backend

“Hazırlaşın, üfüqdə növbəti koronavirus dalğası görünür”.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzetinin redaksiya məqaləsində belə deyilir.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb daha 229 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 6,5 milyondan çox adamın ölümünə gətirib. Hazırda 206 ölkə və ərazidə 13,9 milyondan çox aktiv xəstə var.

“Vaşinqton Post”da çıxan “İmmunitetdən yayınan yeni virus növü peyda olub. Onunla necə mübarizə aparmalı?” başlıqlı məqalədə bildirilir ki, söhbət koronavirus infeksiyasının BQ.1 adlandırılan növündən və onun BQ.1.1 adlı alt variantından gedir.

Qəzet yazır ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi qismən modelləşdirmə prinsipinə əsaslanaraq BQ.1 və BQ.1.1 variantlarının hazırda Birləşmiş Ştatlarda koronavirusa yoluxmaların 17 faizini təşkil etdiyini açıqlayıb: “Vur-tut bir neçə həftə əvvəl bu göstərici sıfıra bərabər idi”.

BQ.1 və BQ.1.1-ə yoluxma hallarının xüsusilə Nyu-York ştatında artdığını diqqətə çatdıran “Vaşinqton Post” Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadla bildirir ki, bu tip yoluxmalar yaxın zamanda bütün ölkəni əhatə edə bilər.

Qəzet qeyd edir ki, virusun yeni növü son dövrlərdə ən geniş yayılmış BA.5 növündən törəyib: “BA.5 variantına yoluxmalar tədricən azalır. Yeni variantla bağlı narahatlıq doğuran əsas səbəb isə odur ki, o, koronavirusun digər növləri ilə müqayisədə immun sistemindən daha çox yayınmağı bacarır. Buna görə peyvəndlənməmiş və ya gücləndirici dozalar qəbul etməmiş şəxslər xüsusilə risk altındadır.

Riski artıran başqa bir səbəb qarşıdan bayramların gəlməsidir. Bayramda adamlar bir-biriləri ilə daha sıx təmasda olur, qapalı məkanlarda daha çox vaxt keçirirlər, təhlükəsizliyə gələndə isə uzağı ən adi təhlükəsizlik qaydalarına əməl etməklə kifayətlənirlər.

Güman ki, Avropada qrip mövsümünün daha tez başlanmasının, xüsusilə uşaqlar arasında kəskin respirator virus infeksiyalarının geniş yayılmasının kökü də bundadır. Belə vəziyyət isə xəstəxanaların pediatriya şöbələrinin yüklənməsi ilə nəticələnir.

Koronavirusun yeni dalğasının start götürməsi, əlbəttə, heç kimə xoş deyil, ancaq hər kəs buna hazır olmalıdır.

Vaksinasiyaya uyğun insanların hamısı üçün ən vacib addım peyvəndlənmək, yaxud təkrar peyvənd vurdurmaqdır.

Bəzi yerlərdə, xüsusən də insanların sıx təmasda olduğu qapalı məkanlarda maska taxmaq ənənəsinə qayıtmaq lazım gələcək.

Hər kəs özünü tez-tez yoxlatmalı, pozitiv nəticə çıxanda həm özünün, həm də başqalarının mənafeyi naminə evdə qalmalıdır.

Virusun yayılması ehtimalını minimuma endirmək üçün iş yerləri və digər ictimai məkanlar yaxşı-yaxşı havalandırılmalıdır.

Virus yoxa çıxmayıb, pandemiya bitməyib. Ancaq hər halda onu nəzarət altında saxlamağın yolları da var”.

loading...
Diaspora