Arxada buraxdığımız həftə sonu Macarıstandan Avstriyaya keçən qaçqınların sayı ümumilikdə 17 min nəfəri ötüb. Avstriya Federal Dəmir Yolları şirkətinin məlumatına əsasən, sentyabrın 5-də xüsusi reyslər üçün ayrılmış qatar və avtobuslarla Vyananın Qərb vağzalına təxminən 11 min, sentyabrın 6-da isə 5900 qeyri-qanuni mühacir gəlib.
Onlardan cəmi 90-dək şəxs Avstriyanın müvafiq qurumlarına sığınacaq üçün ərizə ilə müraciət edib, qaçqınların mütləq əksəriyyətinin niyyəti isə səfəri davam etdirərək Almaniya ərazisinə keçmək və yalnız bu ölkəyə yetişdikdən sonra rəsmi qurumlara sığınacaq üçün müraciət etməkdir.Rəsmi Berlinin qaçqınların bu ölkəyə qəbuluna yaşıl işıq verməsindən sonra sadələşdirilmiş prosedurlar əsasında Macarıstandakı minlərlə qaçqın Avstriyadan keçməklə Almaniyaya doğru hərəkətə başlayıb. Onların bir qismi Avstriya sərhədləri istiqamətində yolu piyada qət edib, digərləri isə xüsusi avtobus və qatar reysləri ilə Vyanaya gətirilib, oradan isə Münxen və digər Almaniya şəhərləri istiqamətində yola salınıb.
Qırmızı Xaç, “Diakonie”, “Karitas” kimi təşkilatların çağırışı ilə çoxlu sayda könüllülər qaçqınların müvəqqəti yerləşdirilməsi, gecələmək üçün yerlərin hazırlanması və ilkin təminatı üçün səfərbər olunublar. Yaxın günlərdə qaçqın axınının davam etmə ehtimalını nəzərə alaraq mühacirlərin əsas hərəkət marşrutu üzərində yerləşən Nikelsdorf sərhəd-keçid məntəqəsində və Vyana Qərb vağzalında hazırlıq işləri aparılır.