Vladimir Putin fevralın 24-də Ukraynaya müdaxilə əmrini verəndən bəri Volodimir Zelenski Rusiyanın bir nömrəli hədəfi olub. Lakin o vaxtdan bəri o, nəinki Kiyevi tərk etməmək niyyətində olduğunu nümayiş etdirib, həm də şəhər ətrafında insalarla görüşmək üçün gəzintilərə çıxıb.
Bundan əlavə, o, demək olar ki, hər gün mesajlar göndərir, dünya ilə əlaqə saxlayır və Rusiya xüsusi xidmət orqanları onun harada olduğunu izləyə bilmir. Bunun səbəbi onun istifadə etdiyi telefondur.
Zelenskinin ən yaxın müttəfiqi ona təhlükəsiz geri çəkilməyi təklif edən, Rusiyanın onun yerini müəyyən etmədən və ya onun siqnalını kəsə bilmədən daim əlaqə saxlamağa imkan verən cihazla təmin edən ABŞ idi.
CNN qeyd edir, bu, ABŞ-ın Kiyevdəki səfirliyindən əvvəllər edilən rabitədən qat-qat təhlükəsiz olan peyk əsaslı cib telefonudur.
Əslində, Co Bayden hökuməti yalnız Zelenskiyə deyil, Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya da buna bənzər cihaz verib.
Hər ikisi şəhər ətrafında hərəkət edərkən telefon zəngləri edə, mətn mesajları və e-poçt göndərə bilər, çünki bu telefonların batareyası beş saat danışıq və bir günə qədər işləmə müddətinə malikdir. Həddindən artıq təhlükə zamanı təcili yardım çağırışı göndərmək üçün SOS düyməsi də var.
CNN-in məlumatına görə, iki Ukrayna liderinin Rusiyanın izləmə və kiberhücumlarından yayınmaq üçün istifadə etdiyi telefon Ağ Evdə tez-tez istifadə olunan və şəbəkəsi təxminən 780 kilometr hündürlükdə yerləşən 66 peykdən ibarət olan “Iridium 9575 A” ola bilər.
Ordu.az