Macarıstan ordusu ölkədən tranzit kimi istifadə edən mühacirlərdən qorunmaq üçün sərhədlərin müdafiəsində duracaq. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib. Onun sözlərinə görə, sentyabrın 15-də sərhəd nəzarətində yeni sistem tətbiq ediləcək. Bundan başqa, Macarıstan qaçqınları Avropaya gəlməkdən çəkindirmək üçün informasiya kampaniyasına da başlayacaq.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hazırda Macarıstanın hakimiyyət dairələri Almaniya və Avstriyaya keçməyə çalışan mühacirlərin çoxminlik axınının qarşısını çətinliklə alır. Hökumət hətta dəmir yol marşrutlarını dəyişməyə məcbur olub. Hazırda beynəlxalq qatarlar Budapeştə gəlmir. Bu addımın paytaxtın qorunması üçün atıldığı bildirilir.
Qaçqınlar demək olar ki, relslərin üzərinə yatır, lakin Macarıstan ərazisində yerləşən düşərgədə qalmaqdan imtina edirlər. Dərin böhrandan çıxış yolunu təkcə Avropa liderləri axtarmır. Misir milyarderlərindən biri mühacirləri məskunlaşdırmaq üçün Yunanıstan və ya İtaliyadan ada almağı təklif edib.