Almaniyanın dövlət bankı KfW ilə Ukrayna Maliyyə Nazirliyi arasında imzalanan sazışə əsasən Berlin Kiyevə 200 milyon avro kredit ayırıb.
AZƏRTAC “finanzen.net” saytına istinadla xəbər verir ki, ayrılan vəsait fiziki şəxslərin əmanətlərinin təminatı fonduna köçürüləcək. Ukraynanın maliyyə naziri Natalya Yaresko jurnalistlərə açıqlamasında bildirilib ki, kreditdən ölkə daxili bankların müflisləşməsindən əziyyət çəkən milyonlarla ukraynalı faydalana biləcək. Bu yolla ukraynalılar ödəmə qabiliyyətini itirmiş banklarda depozitlərini əldə etmək imkanı qazanacaqlar.
Ukraynalı nazirin sözlərinə görə, ölkəni bürüyən iqtisadı böhran ucbatından təxminən 50 bank iflasa uğrayıb ki, bu da fiziki şəxslərin əmanətlərinin təminatı üzrə dövlət fondunda ciddi problemlər yaradıb.
İkitərəfli sazişə əsasən rəsmi Berlin Kiyevə mərhələli yolla, ümumi məbləği 500 milyon avro maliyyə yardım ayırmalıdır. İllik dərəcəsi 4,5 faiz təşkil edəcək kreditin qaytarılması isə 5 ilə nəzərdə tutulub. Tam ödəniş 15 il ərzində həyata keçiriləcək.