Yaponiyanın “Sony” şirkəti dünyanın ilk “4K” təsvir ölçülü (3840 x 2160 piksel) “Xperia Z5 Premium” smartfon modelini təqdim edib. Şirkət həmçinin “Xperia Z5” və “Z5 Compact” modellərini nümayiş etdirib. "Xperia Z5”, “Xperia Z5 Compact” və “Xperia Z5 Premium” smartfonlarının tədarükünə payızda başlamaq planlaşdırılır. Bu barədə şirkətin məlumatında deyilir.
AZƏRTAC "Lenta” saytına istınadla xəbər verir ki, “Z5 Premium” modeli 5,5 düym diaqonala malik olmaqla ekranın hər düymündə 806 piksel yerləşir.
“Xperia Z5” modeli “Full HD” təsvir ölçülü 5,2 düym displeylə təchiz edilib. İki SİM-kartı dəstəkləyən modifikasiyanı da əldə etmək mümkündür. Nisbətən kompakt “Z5 Compact” modeli “HD” təsvir ölçülü (1280 x 720) 4,6 düym ekranla təchiz edilib.
“Z5” seriyasından olan smartfonlar sukeçirməzdir və bu da artıq “Sony” üçün tipikdir. İstehsalçının modellərinin əsas kameraları ilk dəfə olaraq “Exmor RS” sensorlu 23 meqapikselli kamera ilə təchiz edilib ki, bu da 0,1 saniyəyə fokuslaşmağa imkan verir. Həmçinin modellər musiqi fayllarının “Hi-Res Audio” formatında səsləndirilməsinə şərait yaradır. Bununla mövcud qurğularla müqayisədə nəzəri baxımdan daha yüksəkkeyfiyyətli səsə nail olmaq mümkün olur. Modellər işə salma düyməsinə quraşdırılan barmaq izləri skaneri ilə təchiz edilib. “Z5” ailəsindən olan smartfonların hamısı "Qualcomm” şirkətinin ən məhsuldar "Snapdragon 810” prosessoru ilə işləyir. Onun fərqləndirici cəhətlərindən biri 64 nüvəli arxitekturaya malik olmasındadır. Bundan başqa, prosessor “LTE” şəbəkəsini dəstəkləyir. Qurğular “Android 5.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.