Robert Volter: “Ermənistan bizimlə əməkdaşlıqdan boyun qaçırır”

Robert Volter: “Ermənistan bizimlə əməkdaşlıqdan boyun qaçırır” backend

Dünən Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər və Demokratiya Komitəsinin iclası keçirilib.

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvündən Lent.az-a verilən məlumata görə, iclasda iştirak edən Komitənin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi cənab Robert Volter çıxış edərək məruzənin hazırlanmasına Ermənistan tərəfinin maneə yaratdığını və məhz bu səbəbdən məruzənin 1 sentyabr iclasında təqdimatının mümkün olmamasını bəyan edib. O bildirib ki, AŞPA-nın cəhdlərinə və onun çoxsaylı təkidlərinə baxmayaraq, Ermənistan tərəfi məruzəçi ilə əməkdaşlıqdan boyun qaçırır, onun Ermənistana və təmas xəttinə səfərinin təşkil edilməsindən imtina edir, bununla da məruzənin hazırlanmasını əngəlləyirlər.
Məruzəçi bəyanatında Azərbaycan tərəfinin əməkdaşlığa açıq olduğunu və müraciəti əsasında cari ilin mart ayında Azərbaycana səfərinin baş tutduğunu, Bakıda bir sıra görüşlər keçirdiyini qeyd edərək bu günlərdə yenidən Azərbaycan hökumətinə müraciət edərək Ermənistan tərəfi əməkdaşlıqdan imtina etdiyi üçün məruzəni hazırlanmaq məqsədilə, təhlükəsizlik şəraitini nəzərə alaraq, Azərbaycan ərazisi tərəfdən təmas xəttinə səfər etmək və ya yaxınlaşmaq imkanı yaradılmasını xahiş etdiyini vurğulayıb.
Cənab Robert Volter öz bəyanatında Ermənistan tərəfinin əməkdaşlıq etməkdən imtina etməsinə baxmayaraq, AŞPA-nın 2015-ci il oktyabr sessiyasında və Komitə iclasında öz məruzəsini təqdim etməkdə israrlı olduğunu açıq ifadə edib.
Qeyd edək ki, Britaniyalı deputat Robert Volter 2014-cü il oktyabrın 1-də AŞPA Siyasi Məsələlər və Demokratiya Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusu üzrə məruzəçi təyin olunub.
Diaspora