BMT-nin baş katibi Pan Gi Mun 2015-ci ildən sonrakı dövrdə inkişaf sahəsində gündəliyə aid danışıqların başa çatdığını elan edərək “Dünyamızın dəyişməsi: 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində gündəlik” adlı yekun sənədin dövlət və hökumət başçılarının qarşıdakı sammitində təsdiq edilmək üçün təqdim olunmasını təklif edib.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BMT-nin 2015-ci ildən sonrakı dövrdə inkişaf sahəsində gündəliyin qəbul edilməsinə həsr olunacaq sammiti bu il sentyabrın 25-27-də keçiriləcək.
Təqdim edilən bəyannamə layihəsində göstərilir ki, bütün dövlətlər 3 sahədə: iqtisadi, sosial və ekoloji sahələrdə davamlı inkişafa çalışacaqlar. Bu sənəddə 2030-cu ilə qədər bütün dünyada səfalətə və aclığa son qoyulacağı vəd edilir.
İnkişaf sahəsində yeni gündəlikdə 17 hədəf və 169 vəzifə müəyyən edilib. Bu hədəflər və vəzifələr yoxsulluğun ləğv edilməsi, sağlamlığın qorunması, gender bərabərliyinin təmin edilməsi, iqlim dəyişmələrinə qarşı mübarizə, iqtisadi artımın və iş yerləri yaradılmasının stimulaşdırılması, müasir enerji mənbələrindən istifadənin yaxşılaşdırılması, su təchizatı və sanitariya sahəsində xidmətlərin genişləndirilməsi, şəhərlərin və digər yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə aiddir.
Baş katib BMT-nin Baş Məclisinin iclasında razılaşdırılmış sənədi rəsmən təqdim edib. O, həmin iclasdakı çıxışında deyib: “Bu gün biz yeni eraya başlayırıq”.
Pan Gi Mun vurğulayıb ki, bugünkü hadisədən əvvəl, 2000-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT-nin qərargahında dövlət və hökumət başçılarının görüşündə qəbul edilmiş “Minilliyin İnkişaf Məqsədləri” adlı sənədin reallaşdırılması üçün çox böyük səy göstərilib. Həmin BMT-nin üzvü olan dövlətlər hələ beş il bundan əvvəl Pan Gi Muna 2015-ci ildən sonrakı dövr üçün inkişaf sahəsində yeni gündəlik üzərində işə başlamağı tapşırıblar. Bu vəzifə yerinə yetirilib. Sözügedən gündəlik 2015-ci il avqustun 2-də BMT-nin Baş Məclisinin qeyri-rəsmi plenar iclasında konsensus əsasında razılaşdırılıb.
BMT rəhbəri qeyd edib ki, yeni vəzifələr öz miqyasına və əhəmiyyətinə görə analoqu olmayan məsələlərdir. Pan Gi Mun deyib: “Həmin gündəliyin bu ayın sonunda keçiriləcək sammitdə təsdiq edilməsi üçün biz onu dünya liderlərinə bu gün təqdim etməyə hazırıq”. Pan Gi Mun vurğulayıb ki, yeni məqsədlər və vəzifələr iki ildən artıq müddətdə planetin müxtəlif guşələrində vətəndaş cəmiyyəti və digər əlaqədar tərəflərlə gərgin, açıq məsləhətləşmələr və müzakirələrin nəticəsidir. Bütün dünyanı əhatə edən bu hədəflər və vəzifələr insanın rifahının yaxşılaşdırılmasına və ətraf mühitin müdafiəsinə yönəlib.