Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir-birinin ardınca Yunanıstana etdiyi xəbərdarlıqlar Afinada böyük əks-səda doğurub.
Yunanıstanın keçmiş Baş Qərargah rəisi və müdafiə naziri Yevangelos Apostolakis Ərdoğanın açıqlamalarına münasibət bildirib.
General Türkiyə liderinin “Oyun oynamırıq, ciddiyik” mesajına diqqət çəkib: “Bunu yaxşı bilməliyik ki, bu işlərə ciddi yanaşmaq lazımdır”.
Sözlərinin davamında Yunanıstanın keçmiş müdafiə naziri qeyd edib:
“Ərdoğan “bir gecə qəfil gələ bilərik” mesajı o deməkdir ki, Türkiyənin istədiyi kimi Egey dənizinin bölünməsi ilə razılaşmasaq, bizi buna məcbur edəcəyi ilə hədələyir”.
Apostolakis susmamalı olduqlarını, amma Yunanıstanın diqqətli olmasının lazım olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə metodik və strateji hərəkət edir.
Prezident Ərdoğan Türkiyəyə qarşı təxribatçı addımlar atan Yunanıstana belə xəbərdarlıq etmişdi:
“Ey yunan, tarixə bax, tarixə qayıt, çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstan üçün bir cümləmiz var: İzmiri unut. Biz zarafat etmirik, ciddiyik. Əgər demişiksə ki, bir gecə qəfil gələ bilərik – gələrik”. (Teleqraf.com)