ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general və hərbi ekspert Ben Hodjes Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsini mümkünsüz adlandırıb.
Moderator.az xəbər verir ki, amerikalı general bu barədə sentyabrın 6-da Ukraynanın “Novoye Vremya” nəşrinə müsahibəsində danışıb.
General Hodjes hesab edir ki, Rusiyanın Ukrayna ilə münaqişəni gərginləşdirə biləcəyi yeganə yol nüvə silahından istifadə etməkdir.
Lakin onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin buna razı olmayacaq, çünki o, ən azı “çox arsız və vicdansızdır, lakin ağılsız və dəli deyil”.
Hodjesin sözlərinə görə, Rusiya hökuməti başa düşür ki, belə bir addım qaçılmaz olaraq ABŞ və ya hətta Böyük Britaniyanın cavab tədbirlərinə gətirib çıxaracaq və “ruslar bunu istəməzdilər”.
Eyni zamanda hərbi ekspert hesab edir ki, Qərb sanksiyalar təzyiqini yumşatmamalıdır, çünki bu, yalnız “vəziyyəti pisləşdirə biləcək”.
Həmçinin, ekspertin fikrincə, cəbhədə döyüş aktivliyinin azaldılması və ya operativ fasilə ilə bağlı hər hansı sazişlərin imzalanması Rusiyaya hərbi potensialının bir hissəsini bərpa etməyə imkan verəcək və “bu, müharibəni daha çətin və uzun edəcək”.
“Ukrayna mübarizəni davam etdirməli, müharibəyə fasilə verilməməli, sanksiyalar Rusiya Federasiyasına təzyiq göstərməkdə davam etməlidir” -deyə amerikalı general yekunlaşdırıb.