Boris Conson vida çıxışını etdi: “Hər şey buraya qədər idi...” - VİDEO

Boris Conson vida çıxışını etdi: “Hər şey buraya qədər idi...” -  VİDEO backend

Boris Conson Böyük Britaniyanın baş naziri kimi son çıxışını edib.

Dauninq-strit 10 ünvanındakı iqamətgahı qarşısında çıxış edən Conson Böyük Britaniyanın yeni baş naziri Liz Trassı dəstəklədiyini bildirib. O, Trassın Rusiyaya qarşı çıxmaqda və Ukraynanı dəstəkləməkdə davam edəcəyini qeyd edib. Həmçinin yeni baş nazirin daxili qiymət artımının öhdəsindən gələcəyinə əminliyini də ifadə edib.

“Mən bilirəm ki, Liz Trass və mərhəmətli Mühafizəkar hökumət insanları bu böhrandan çıxarmaq üçün əllərindən gələni edəcəklər. Bu ölkə dözəcək, biz qalib gələcəyik”, - deyə Conson əlavə edib.

Üç ildən çox rəhbərlik etdiyi müddətdə Conson Britaniyanın Avropa İttifaqından tam olaraq çıxışına nail olub, əhalinin koronavirusa qarşı peyvənd olunmasını təmin edib, bərpa olunan enerji mənbələrinə sərmayə qoyub və Ukraynanı silahla təmin edib. Boris Consonun fikrincə, sonuncu, Londona Avropada “son 80 il ərzində” ən böyük münaqişənin gedişatını dəyişməyə imkan verib.

Gələcək planlarından danışan Conson özünü funksiyasını yerinə yetirmiş raketlə müqayisə edib.

“İndi mən yenidən atmosferə girəcəyəm və Sakit Okeanın ucqar hissəsində gözə görünmədən hansısa bir yerə düşəcəyəm”, - deyə o, çıxışına əlavə edib.

Conson eyni zamanda özünü Roma sərkərdəsi Lusius Kvinktius Sinsinnatusa (e.ə. 6-5-ci əsrlərdə yaşayıb) bənzədib. Bu sərkərdə Roma Respublikasına tarixinin ən kritik anlarında xidmət etməklə məşhurdur.

“Sinsinnatus kimi, mən də hökumətə alovlu dəstəyimi verməyə davam edəcəyəm”, - deyə o qeyd edib.

“Hər şey buraya qədər idi…” - deyə keçmiş baş nazir çıxışını yekunlaşdırıb.

loading...
Diaspora