Rusiya sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) sədrliyi qəbul edir. TASS-ın informasiyasında deyilir ki, RF nümayəndə heyəti BMT-nin əsas strukturuna bu ümumdünya təşkilatının iqamətgahında Baş Məclisin 70-ci yubiley sessiyasının başlayacağı və çoxsaylı tədbirlərlə müşayiət olunacaq məhsuldar bir dövrdə başçılıq etməlidir.
Təhlükəsizlik Şurasının Rusiyanın sədrliyi ilə birinci görüşü sentyabrın 2-də keçiriləcək. Həmin gün cari ayın fəaliyyət proqramı təsdiq ediləcək. Sentyabrın 15-də BMT Baş Məclisinin 70-ci sessiyası açılır, sentyabrın 28-də isə yüksək səviyyəli sessiya işə başlayır. Sessiyaya dövlət və hökumət başçılarının əksəriyyəti, habelə xarici işlər nazirləri toplaşacaqlar. Bundan əlavə, dünya liderləri sentyabrın 25-27-nə nəzərdə tutulan xüsusi zirvə görüşündə Qlobal inkişafın 2015-ci ildən sonrakı dövr üçün gündəliyini təsdiq etməlidirlər.
Rusiya Yaxın Şərqdə və Şimali Afrikada münaqişələrin nizama salınmasını və terror təhlükəsinə qarşı mübarizəni quruma sədrliyinin başlıca mövzusu elan edib. Bu problemlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə nazirlər səviyyəsində iclasda müzakirə ediləcək.
S.Lavrov TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana məxsusi müsahibəsində bildirib ki, Rusiya nazirlər səviyyəsində müzakirələrdə özünü “İraq və Şam İslam Dövləti” adlandıran qruplaşma kimi terrorçu təşkilatlara qarşı mübarizə aparmaq üçün vahid cəbhənin yaradılması ilə bağlı RF Prezidenti Vladimir Putinin irəli sürdüyü təşəbbüsləri nəzərə almaqla, müzakirələrə istiqamət verməyə çalışacaq.
BMT Təhlükəsizlik Şurası 15 üzvdən, o cümlədən Böyük Britaniya, Çin, Rusiya, Fransa və ABŞ-dan ibarət beş daimi üzvdən ibarətdir. Daimi üzvlərin hər birinin veto hüququ var. TŞ-nin qalan heyəti hər il yarıbayarı yenilənir. BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurası sülhün və beynəlxalq təhlükəsizliyin dəstəklənməsinə görə məsuliyyət daşıyır və BMT-nin üzvü olan bütün ölkələr onun qərarlarına tabe olmalıdırlar.
Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər onun işinə ingilis dilinin əlifba sırasına uyğun şəkildə növbə ilə başçılıq edirlər. Bir ölkə TŞ-yə bir təqvim ayı sədrlik edir. Avqustda TŞ-yə Nigeriya rəhbərlik edib, oktyabrda isə sədrlik İspaniyaya keçəcək.