Özbəkistanda Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

Özbəkistanda Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub backend

Sentyabrın 1-də Özbəkistanın müstəqilliyinin 24-cü ildönümü tamam olur. Bu münasibətlə paytaxtın mərkəzindəki Əlişir Nəvai adına Milli parkda təntənəli bayram tədbiri keçirilib. Mərasimdə hökumətin və Senatın üzvləri, Ali Məclisin deputatları, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.



Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diasporumuzun tanınmış üzvləri də mərasimə qatılıblar.

Özbəkistan Prezidenti İslam Kərimov müstəqillik bayramı münasibətilə özbək xalqını, bu ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Prezident müstəqillik illərində qazanılan uğurlardan danışaraq deyib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq, ölkə iqtisadiyyatı sabit inkişaf edir. Özbəkistan Prezidenti vurğulayıb ki, iqtisadi inkişafın “özbək modeli” sosial sahədə böyük uğur qazanıb və insanların həyat şəraiti gündən-günə yaxşılaşır.

Dövlət başçısı qeyd edib ki, müstəqillik illərində ölkə iqtisadiyyatı 5,5, adam başına düşən real gəlir isə 9 dəfə artıb.

Tədbir Özbəkistan incəsənət ustalarının təntənəli bayram konserti ilə başa çatıb.
Diaspora