Avqustun 27-də Avstriyanın Burqenland əyalətində baş vermiş qaçqın faciəsindən sonra polis ölkə sərhədlərində qanunsuz miqrasiya və qaçqınların qeyri-insani şəraitdə daşınmasının qarşısını almaq məqsədilə reydlərə başlayıb. Avstriya-Macarıstan sərhədi boyunca və avtomagistrallarda aparılan reydlər zamanı 200-dən artıq qanunsuz miqrant və onların Avstriyaya keçməsini təmin edən 5 şəxs aşkarlanıb.
Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Laytnerin sözlərinə görə, bazar günündən başlayan reydlər qeyri-müəyyən müddətə kimi davam etdiriləcək. Reydlərdə ümumilikdə 1300-dən artıq polis əməkdaşı iştirak edir. Reydlər nəticəsində Budapeşt şəhəri ilə Vyana şəhərini birləşdirən avtomagistral üzərində yerləşən Heqeşhalom (Nikelsdorf) sərhəd-keçid məntəqəsində 30 kilometrədək tıxac yaranıb.
Qanunsuz miqrantlarla bağlı digər problem isə dəmiryol nəqliyyatında müşahidə olunub. İçərisində 400-dən artıq qanunsuz miqrantın olduğu qatar polis tərəfindən Avstriya-Macarıstan sərhədində saxlanılıb.
Yaranmış qaçqın probleminin öhdəsindən gəlmək üçün Avstriya hökuməti Avropa Komissiyasına 5,4 milyon avro məbləğində yardım ayrılması üçün müraciət edib. Yaxın günlərdə komissiyanın Fransa, Avstriya, Macarıstan və Yunanıstana maliyyə vəsaiti ayıracağı gözlənilir.