Çin özünün Su-35 qırıcılarını ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini aparan təyyarənin endiyi Tayvana doğru göndərib.
Qaziler.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.
Bildirilir ki, Çinin Su-35 qırıcıları artıq Tayvan boğazından keçir.
Döyüş təyyarələrinin sayı açıqlanmır. Çin qırıcılarının Tayvana doğru getməsi dəqiqləşib.
Bu arada xarici media ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcının Yaponiyadakı bazalardan havaya qalxmasını yazıb. Onların da Tayvana doğru istiqamət aldığı bildirilir.
Xatırladaq ki, Asiya mediası artıq Pelosinin təyyarəsinin Tayvanda eniş etdiyini yazıb.
Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.
1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.
Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.