“Jenmin jibao“ qəzetinin sayt rəhbərliyi korrupsiya qalmaqalı səbəbi ilə işdən çıxarılıb

“Jenmin jibao“ qəzetinin sayt rəhbərliyi korrupsiya qalmaqalı səbəbi ilə işdən çıxarılıb backend

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş holdinqinə daxil olan əsas nəşr orqanı - "Jenmin jibao" qəzetinə aid "Jenminvan" internet-portalının korrupsiyada şübhəli bilinən top-menecerləri işdən çıxarılıb.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Jenminvan" kompaniyasının prezidenti Lyao Huna və direktorlar şurasının üzvü, vitse-prezident Çen Çjisya artıq tutduqları vəzifədən azad ediliblər. Kompaniyanın yeni prezidenti isə Nyu İbin təyin olunub.

Çinin ən iri KİV-lərindən birinin rəhbərliyi ətrafında cərəyan edən korrupsiya qalmaqalı keçən həftə başlayıb. Henan əyalətinin xalq prokurorluğu avqustun 27-də rüşvətxorluq şübhəsi ilə Lyao Huna və Çen Çjisya barədə cinayət işi açıb və ilkin tədqiqatlara başlayıb.

1997-ci ilin yanvar ayında fəaliyyətə başlayan "Jenminvan" dünyanın ən iri internet-portallarından birinə çevrilib. 2012-ci ilin aprel ayında kompaniya aksiyalarını Şanxay fond birjasında yerləşdirib.

Xatırladaq ki, Çində korrupsiya ilə mübarizə kampaniyası 2012-2013-cü illərdə ölkədə Çin Xalq Respublikasının sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Tszinpin başda olmaqla rəhbərlərin "beşinci nəslinin" hakimiyyətə gəlməsindən sonra geniş miqyas alıb.
Diaspora