İsraildə beynəlxalq ictimaiyyəti Azərbaycanın mina probleminin həllinə çağıran bəyanat qəbul edilib

İsraildə beynəlxalq ictimaiyyəti Azərbaycanın mina probleminin həllinə çağıran bəyanat qəbul edilib backend

İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzi minatəmizləmə və partlamamış hərbi sursatların təftişi üzrə ixtisaslaşmış “Open Minded Solutions LTD” beynəlxalq şirkəti ilə birlikdə “Azərbaycanın azad edilmiş ərazilərində minalar: Cənubi Qafqaz bölgəsində sülhə ən böyük maneə” mövzusunda dəyirmi masa təşkil edib.

Tədbir tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın təşəbbüsü ilə İsrailin Yerusəlim şəhərindəki Menahem Begin İrsi Mərkəzində baş tutub.

Tədbirdə “Open Minded Solutions LTD” şirkətinin təsisçisi və baş direktoru Royi Nahari, BMT-nin İnkişaf Proqramının çevik reaksiya üzrə eksperti, ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov, İsrail Muzeylər Assosiasiyasının sədri, Yəmən Yəhudiləri və İsrail Qəbilələri İrsinin Qorunması, Cəmiyyət və Mədəniyyət, Sənədləşdirmə və Tədqiqatlar üzrə Assosiasiyasının prezidenti, Hayfa Universitetinin sosiologiya və antropologiya üzrə fəlsəfə doktoru Yiqal Ben Şalom, Bar-İlan İsrail Universitetinin professoru, İsrailin İran və ərəb dünyası üzrə ən tanınmış eksperti, “NEWSRAEL” xəbər agentliyinin vitse-prezidenti, politoloq Mordexay Kedar, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara, strategiyaların hazırlanması üzrə “Reut Group” beynəlxalq təşkilatının baş direktoru Eran Şayson, Azərbaycanın İsraildəki Turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, İsraildəki dağ yəhudiləri icmasının liderlərindən ravvin Şmuel Simantov iştirak ediblər. 

Dəyirmi masada minatəmizləmənin ləng və məsrəfli proses olduğu vurğulanıb, Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Qarabağ ərazisini böyük mina sahəsinə çevirməsi nəticəsində Azərbaycanın dünyada minalardan ən çox əziyyət çəkən ölkələr sırasında yer alması barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, işğalçı tərəf Qarabağı tarixi ərazisi hesab edərək ona iddialar irəli sürsə də, işğal dövründə bu ərazilərdə quruculuq işləri görməyib, hətta iddia etdiyi torpaqları minalarla “zəhərləyib”. Üstəlik, Azərbaycana təqdim olunmuş müvafiq mina xəritələrinin dəqiqliyi də suallar doğurur. Vurğulanıb ki, ərazilərin minalardan təmizlənməsi humanitar məsələ olduğundan, beynəlxalq ictimaiyyətin də diqqətini çəkməli, bütün mövcud mina xəritələrinin təqdim olunması üçün Ermənistana təzyiq göstərilməli, Azərbaycana isə ekspert və maliyyə baxımından yardım təklif edilməlidir. 

Tədbir iştirakçıları donor ölkələrin diqqətini mina probleminin həllinə cəlb etmək üçün yol xəritəsinin hazırlanması məsələsini də müzakirə ediblər. Tədbirin sonunda dəyirmi masa iştirakçıları birgə bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycanda mina probleminin həllinin irəliləyişində fəal əməkdaşlığa və qarşılıqlı dəstəyə çağırıblar. Birgə bəyanatın beynəlxalq ictimaiyyətin müxtəlif subyektlərinə təqdim olunması nəzərdə tutulur.

Məlumatı ətraflı şəkildə linkdən oxumaq mümkündür.

loading...
Diaspora