Oleq Lyaşkonun radikal partiyası fraksiyasının nümayəndələri Ukrayna Ali Radasının tribunasını mühasirəyə alıblar.
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, fraksiya nümayəndələri Ukrayna Konstitusiyasına mərkəzdən asılılığın azaldılması ilə bağlı dəyişikliklər olunmasına etiraz edirlər.
Radikal partiya fraksiyasından xalq deputatı İqor Mosilçuk deyib: “Radikal Partiya fraksiyası Konstitusiyaya mərkəzdən asılılığın azaldılması barədə prezident tərəfindən edilən dəyişikliklərə səs verməyəcəyini dəfələrlə vurğulayıb. Buna görə də biz Ali Rada tribunasını mühasirəyə almışıq və həmfikirlərimizi də bizə qoşulmağa çağırırıq”.
Jurnalistləri Ali Radanın iclas salonuna, mətbuat üçün nəzərdə tutulan lojaya buraxmırlar.
Bu gün Ali Rada Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi üçün növbədənkənar plenar iclas keçirməyə hazırlaşır.