Əfqanıstanın vitse-prezidenti Əbdürrəşid Dostum: “İŞİD dünyanın düşmənidir" "İŞİD-in Azərbaycanı və Qafqazı əhatə edən planları var".
APA-nın məlumatına görə, bu sözləri Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Taliban və İŞİD təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir: “İŞİD dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və İraqda törətdiklərinin eynisini buralarda da etmək istəyirlər”.
İllərdir Əfqanıstan türklərinin hüquqları üçün mübarizə apardığını söyləyən general Dostum, özünü türk adlandıran vətəndaşların problemlərlə qarşılaşdığın deyib: “Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir. Təklif edirəm ki, Əfqanıstanda olan türkmənlər və özbəklər ümumilikdə türk adlandırılsın. Ölkədə başlanan yenidənqurma işlərinə baxmayaraq, türklərin yaşadığı bölgələrdə ciddi layihələr həyata keçirilmir. Türkiyə prezidenti və baş nazirindən istəyimiz bu ərazilərdə məktəb və xəstəxana tikdirmələridir. Əfqanıstan türkləri çox geridə qalıb. Bəzi şəhərlərimizdə məktəb yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirəm. Gənclərimiz təhsil almalıdır. Mən öldükdən sonra mənim daşıdığım bayraq əldən-ələ keçməli də yerə düşməməlidir".
Ə. Dostum Türkiyədəki terror hücumlarından xəbərdar olduğunu da bildirib: “Mətbuatdan izlədiyimə görə, türk əsgərlərinə terror hücumları olur. Şəhidlərin ata-analarına, ailələrinə və Türkiyə prezidentinə başsağlığı verirəm”.