Donbassda atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə baxmayaraq, atəşkəsdən öncə gərginliyin episentri olan Debaltsevo şəhəri ətrafında toqquşmalar davam edir.
Ali Radanın üzvü, nüfuzlu hərbi ekspert Dmitri Tımçuk özünün “Facebook” səhifəsində fevralın 15-də Debaltsevo istiqamətində baş verən döyüşlər barədə məlumat verib.Belə ki, separatçı qruplaşmalar Ukrayna ordusunun Debaltsevo yaxınlığındakı Çernuxino və Novoqriqoryevka kəndlərində yerləşən mövqelərinə hücumlar edərək Ukrayna qüvvələrinin iki blok-postunun mühasirəyə almağa cəhd göstəriblər. Separatçıların 1 tankı minaya düşüb və Ukrayna əsgərləri tərəfindən qumbaraatanla vurulub, 1 piyadaların döyüş maşını (BMP) isə tank əleyhinə idarə olunan raketlə (PTUR) vurularaq ekipajı ilə birlikdə məhv edilib. Separatçılar və daha sonra Ukrayna qoşunlarının mövqelərini artilleriya və reaktiv atəş sistemlərindən atəşə tutublar. Nəticədə Debaltsevo şəhər Milis İdarəsinin binası dağıdılıb. Ölən və yaralanan olmayıb.
Qeyd edək ki, separatçılar yanvarın ortalarından bəri strateji əhəmiyyətli Debaltsevo şəhərini ələ keçirməyə cəhd göstərirlər. Debaltsevo üç tərəfdən separatçıların mövqeləri ilə əhatə olunub və şəhəri Donbassın Ukraynanın nəzarətindəki digər hissəsi ilə birləşdirən yeganə yol da atəş altındadır. Bu, operativ mühasirə şəraiti kimi qiymətləndirilir. Lakin Ukrayna komandanlığı müxtəlif yollarla şəhərdəki hərbi kontingentlə əlaqə yarada bilir.
Tural