Sanksiyaya məruz qalanlar arasında “Luqansk Xalq Respublikası” separatçı rejiminin azərbaycanlı “baş prokuroru” Zaur İsmayılov da var.
Avropa İttifaqının bəzi Rusiya vətəndaşlarına və Ukraynadakı separatçılara fevralın 5-də tətbiq etdiyi növbəti sanksiyalar qüvvəyə minib. APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, 19 fiziki və 9 hüquqi şəxsə qarşı tətbiq olunan sanksiyalar Aİ-nin rəsmi jurnalında açıqlanıb.Sanksiya tətbiq olunan şəxslər arasında 5 Rusiya vətəndaşı var: Rusiya müdafiə nazirinin müavinləri Anatoli Antonov və Arkadi Baxin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Andrey Kartapolov, Dövlət Dumasının deputatı, kommunist Valeri Raşkin və məşhur müğənni İosif Kobzon.
Siyahıya Donetsk və Luqansk separatçılarının 14 nümayəndəsinin adları daxil edilib. Onların arasında “Luqansk Xalq Respublikası” separatçı rejiminin “baş prokuroru”, milliyyətcə azərbaycanlı olan Zaur İsmayılov da var.
Sanksiyalarda bu şəxslərin Aİ ölkələrinə səfərlərinə qadağa qoyulması və Aİ ölkələrindəki aktivlərinin (əgər varsa) dondurulması nəzərdə tutulur.
Son qərardan sonra sanksiya tətbiq olunmuş Rusiya və Ukrayna vətəndaşlarının sayı 151-ə, hüquqi şəxslərin sayı isə 37-yə çatıb.