Xəbər verdiyimiz kimi, avqustun 27-də Avstriyanın Burqenland əyalətinin Parndorf qəsəbəsi yaxınlığında içərisində meyitlər olan yük maşını aşkarlanıb.
A4 avtomagistralının kənarında park edilmiş şübhəli soyuducu yük maşınında çoxlu sayda meyit tapıldıqdan sonra əraziyə hüquq mühafizə orqanlarının müxtəlif təyinatlı bölmələri cəlb edilib. İlkin olaraq yük maşınında 50-dək meyit ehtimal edilsə də, soyuducu maşının yük hissəsində 71 insan cəsədi müəyyən olunaraq məhkəmə ekspertizasına göndərilib. Meyitlərdən birinin üzərində Suriya pasportu aşkarlandığına görə təhqiqatçılar yük maşınındakı insanların Suriya və ya Yaxın Şərq ölkələrindən Avropaya üz tutan qaçqınlar olduğunu ehtimal edirlər. 4 uşaq, 9 qadın və 59 kişidən ibarət qrupun maşının yük yerində hava çatışmazlığından həlak olması ehtimal edilir.Aparılan təxirəsalınmaz axtarış tədbirləri nəticəsində Macarıstanda biri yük maşınının sahibi olmaqla insan qaçaqçılığı ilə məşğul olan üç şəxs həbs olunub. Cinayətkar dəstənin digər üzvlərinin axtarışı, eləcə də meyitlərin şəxsiyyətinin müəyyən olunması üzrə iş davam etdirilir.
Baş vermiş hadisə ilə bağlı keçirilən mətbuat konfransında Avstriyanın daxili işlər naziri Mikl-Laytner bildirib ki, bu faciə Avropa ölkələrində qaçqınlarla bağlı problemlərin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirdi. O, qaçqınların Avropaya leqal yolla getməsi üçün hüquqi bazanın yaradılmasını, insan qaçaqçılığına qarşı mübarizəni gücləndirməyi, Avropa İttifaqının sərhədləri xaricində yerləşən “böhran regionları”nda qaçqınların işi üzrə mərkəzlərin yaradılmasını tələb edib. Mövcud qanunvericiliyə görə, Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən şəxslər yalnız ölkə ərazisinə daxil olduqdan sonra rəsmi qurumlara müraciət edə bilərlər. Bu isə həmin insanları qeyri-qanuni yollarla Avropa İttifaqı ölkələrinin ərazisinə daxil olmağa və məqsədlərinə çatmaq üçün insan qaçaqçılarına müraciət etməyə məcbur edir.