Avqustun 28-də Türkiyənin İzmir şəhərində Beynəlxalq yarmarka (Izmir International Fair) açılıb. Bu yarmarka Türkiyənin iqtisadi həyatında ən böyük hadisədir. İzmir Beynəlxalq yarmarkası hər il avqust-sentyabr aylarında on gün ərzində Egey dənizinin sahilində, şəhərin əsas sərgi mərkəzi olan “Tuyap fair” kompleksində keçirilir.
Yarmarkanın əsası 1927-ci ildə qoyulub. Bu çərçivədə ilk sərgi Mustafa Kamal Atatürkün fərmanı ilə İzmirin qurtuluş günü şərəfinə keçirilib. Sərgi çoxillik müharibə nəticəsində pozulmuş xarici ticarəti bərpa etmək və əcnəbi müştərilərin diqqətini türk mallarına cəlb etmək üçün ölkənin vilayətləri arasında əmtəə mübadiləsini genişləndirmək məqsədi daşıyıb. Elə ilk günlərdən böyük uğur qazanıb və artıq 1934-cü ildə “İzmir Beynəlxalq yarmarkası” adlanaraq, beynəlxalq tədbir statusu əldə edib. Bu illər ərzində yarmarkanın nüfuzu və əhəmiyyəti artıb, əcnəbilər də daxil olmaqla, iştirakçılarının və qonaqlarının sayı çoxalıb.
Hazırda İzmir Beynəlxalq yarmarkası Türkiyənin ən qocaman sərgisidir. Beynəlxalq Yarmarkalar İttifaqının daimi üzvü, 1948-ci ildən Ümumdünya Sərgi Sənayesinin Assosiasiyasının (UFI) üzvü olan yarmarka dünyanın ən iri sərgi tədbirlərindən biri sayılır. Bu sərgini keçirmək üçün İzmir mədəniyyət parkının ərazisində xüsusi pavilyonlar inşa edilib. Yarmarkanın təşkilatçıları İzmir Ticarət-Sənaye Palatası və Türkiyə Ticarət Nazirliyidir.
Yarmarka əcnəbi sərmayədarların diqqətini Türkiyə iqtisadiyyatına cəlb etmək, xarici müəssisələr ilə əlaqələr qurmaq, xarici investisiya layihələrində Türkiyənin iştirakını təmin etmək, birgə müəssisələr yaratmaq, ticarəti inkişaf etdirmək və s. məqsədlər daşıyır. Yarmarka dünyanın bir çox ölkələrindən hər il daha çox kommersiya və sənaye dairələrinin diqqətini cəlb edir. Sərgiyə dünyadan hər yerindən müxtəlif mallar gətirilir, müxtəlif sənaye sahələri təqdim olunur, çoxsaylı ticarət sazişləri imzalanır. Yarmarkanın bütün iştirakçılarına öz layihələrini, şirkətin məhsul və ya xidmətlərini təqdim etmək imkanı yaradılıb. Telekommunikasiya, elektronika, elektrotexnika, nəqliyyat, alətlər və optika, metallurgiya və maşınqayırma, tikinti, kimya və neft kimyası, sellüloz-kağız sənayesi, mebel və interyer dizaynı, səhiyyə və tibb, qida sənayesi və avadanlıq, ətraf mühitin mühafizəsi, tullantıların emalı, xalq istehlakı malları və s. yarmarkanın əsas tematik bölmələridir.