Uzun fasilədən sonra Ukrayna taxılının ixracı başlayır

Uzun fasilədən sonra Ukrayna taxılının ixracı başlayır backend

Son 4 gündə Ukraynanın 16 ticarət gəmisi Bistre məshəbinin kanalından keçib. Onlar taxılla yüklənməni gözləyirlər.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bistrenin məshəbindən Ukraynanın Dunay limanlarına (“İzmail”, “Reni” və “Ust-Dunaysk”) keçid İlan adasının işğaldan azad edilməsi sayəsində mümkün olub.

Əvvəllər Ukraynanın Dunay limanlarında yük daşıyan gəmilər yeganə yoldan – Rumıniyada yerləşən Sulina kanalından istifadə etmək məcburiyyətində qalırdılar.

Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov vurğulayıb ki, Sulina kanalının tutumu Dunay limanlarına gündə ən azı səkkiz gəmi lazım olduğu halda cəmi 4 gəmi qəbul etməyə imkan verir.

Eyni zamanda Ukrayna hökuməti rumıniyalı həmkarları və Avropa Komissiyasının nümayəndələri ilə Sulina kanalından keçidlərin sayını artırmaq üçün danışıqlar aparır.

“Bu şərtlərdə və Bistre məshəbindən keçən marşrutun mövcudluğunda bir həftə ərzində gəmilərin reyddə yığılmasının aradan qaldırılacağını və aylıq taxıl ixracını 500 min ton artıra biləcəyimizi gözləyirik”, - Y.Vaskov bildirib.

Məlumata görə, 90-dan çox gəmi Ukrayna limanlarına daxil olmaq üçün Sulina kanalının kənarında öz növbəsini gözləyir. Ümumilikdə Rumıniyanın Sulina kanalının reydində 135 gəmi var.

Xatırladaq ki, iyunun 30-da Ukraynanın “Cənub” əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyərək hərəkətini "xoşməramlı addım" adlandırıb.

loading...
Diaspora