Rusiyada daha iki general saxlanıldı

Rusiyada daha iki general saxlanıldı backend

Rusiyada daha iki general saxlanılıb. 

Bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Sergey Umnovla birlikdə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, general Aleksey Semenov və Sankt-Peterburq Daxili İşlər Nazirliyinin keçmiş rəis müavini, general İvan Abakumov da saxlanılıb. 

İstintaqın irəli sürdüyü iddialara əsasən, 2016-cı ildən 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin yüksək rütbəli əməkdaşlarından bir neçəsi “Sankt-Peterburq və Leninqrad vilayətinin Mərkəzi Daxili İşlər İdarəsinin proqramlarına köməklik” yardım fondunun vəsaitindən şəxsi maraqları üçün istifadə edib. Generalların xahişi ilə fonddan pullar onlar üçün daşınmaz əmlak və avtomobillərin alınmasına, həmçinin ştatdankənar köməkçilərin saxlanılmasına sərf edilib.

 

*****

11:42

Rusiyanın daxili işlər nazirinin köməkçisi, general-leytenant və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin sabiq rəisi Sergey Umnov vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq saxlanılıb. O, Petrovkadakı müvəqqəti saxlama təcridxanasındadır.

Bu barədə Moskva İctimai Monitorinq Komissiyası (İMK) məlumat verib.

İctimai Monitorinq Komissiyasının müşahidəçiləri təcridxanada generalı ziyarət ediblər.

“Umnov saxlanılaraq Moskvaya aparılıb... O, özünü təqsirli bilmir”, - deyə komissiyadan bildirilib.

Cinayət işinin təfərrüatı barədə açıqlama verilmir.

Sergey Umnov 2012-ci ilin martından 2019-cu ilin fevralına kimi Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinə rəhbərlik edib. Dünən iyulun 5-də Umnovun evində və iş yerində axtarışlar aparılıb. Axtarışlar ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi) işinin bir hissəsi kimi həyata keçirilib.

Mənbə: Kommersant / Oxu.az

Diaspora