Rusiyada üçüncü qrup əlili Ukrayna gerbinə görə həbs edib döydülər - FOTO

Rusiyada üçüncü qrup əlili Ukrayna gerbinə görə həbs edib döydülər -  FOTO backend

Rusiyada Omsk vilayətinin sakini, üçüncü qrup əlil olan Zaxar Zakurdayev pasportunun üzərində Ukrayna gerbi olduğuna görə həbs edilib və döyülüb.

Zakurdayevin sözlərinə görə, martın 15-də tibbi müayinə zamanı narkoloq ondan pasportunun üz qabığında niyə Ukraynanın gerbi olduğunu və müharibəyə necə münasibət bəslədiyini soruşub.

Zakurdayev cavab verib ki, insanlar müharibədə ölürlər və bu, onun xoşuna gəlmir.

Martın 28-də Zakurdayev saxlanılıb. Həmin şəxs iddia edir ki, polis onu döyüb, “kütləvi mitinqlərdə” iştirak etdiyini və “Ukrayna qruplaşmalarında”, xüsusən “Azov” batalyonunda iştirak edə biləcəyini göstərən sənədi imzalamağa məcbur edib. Həmçinin Zakurdayevə qarşı Rusiya ordusunu “diskreditə etmək” haqqında protokol tərtib edilib.

May ayında məhkəmə Zakurdayevə qarşı protokola baxıb və ona 30 min rubl cərimə kəsib. Məhkəmə  qərarında deyilir ki, tibbi müayinə zamanı həmin şəxs “nümayişkarcasına” öz pasportunu göstərib, rusların Ukraynada hərbi cinayətlərdə iştirakından bəhs edib və Rusiya Prezidenti Vladimir Putinə qarşı “aqressiv danışıb” (xüsusən də onun “məhv edilməli olduğunu” deyib).

Qeyd olunur ki, Zakurdayev özünü təqsirli bilməyib. O, məhkəməyə izahat verib ki, yalnız həkimin suallarını cavablandırıb. Xüsusilə, Zakurdayevin sözlərinə görə, o, narkoloqa anasının milliyyətcə ukraynalı olduğunu, qohumlarının və dostlarının Ukraynada yaşadıqlarını deyib.

Mənbə: Meduza / Oxu.az

Diaspora