"Bu il Birləşmiş Ştatlar tərəfindən ölkəmizə qarşı dost olmayan siyasətin kulminasiyası ili olub"
"Xüsusi hərbi əməliyyat mövcud planlara və düzəlişlərə uyğun həyata keçirilir"
Rusiya prezidenti Vladimir Putin öz amerikalı həmkarını iyulun 4-də qeyd edilən ABŞ-ın Müstəqillik günü münasibətilə təbdik etməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərlə söhbətində bəyan edib.
"Yox, bu il təbrik teleqramı göndərilməyəcək. Bu, onunla bağlıdır ki, bu il Birləşmiş Ştatlar tərəfindən ölkəmizə qarşı dost olmayan siyasətin kulminasiyası olub. Ona görə də belə şəraitdə belə təbrik teleqramının göndərilməsi çətin ki, məqsədəuyğun olardı, - Peskov deyib.
Peskov həmçinin Rusiya-Ukrayna müharibəsi mövzusuna da toxunaraq qeyd edib ki, hər şey qonşu ölkəyə tammiqyaslı hərbi müdaxilənin əvvəlində planlaşdırıldığı kimi gedir.
"İşlər mövcud planlara və düzəlişlərə uyğun olaraq aparılır", - Kremlin spikeri buna əmindir, amma söhbətin ilkin planların hansı "düzəlişlərindən" getdiyini dəqiqləşdirməyib.
"Gələcək taktiki addımlara gəldikdə, bu sualı müdafiə nazirliyinə yönəldin. Mən isə onu deyə bilərəm ki, əməliyyat plan üzrə gedir", - Peskov əlavə edib.
O, jurnalistlərin "Rusiya qoşunlarının Donetsk və Xarkov istiqamətlərində fəallaşmasını gözləməyə dəyərmi?" sualına cavab verməkdən imtina edib.
Kremlin rəsmi nümayəndəsi həmçinin Kalininqrada yüklərin tranziti ilə bağlı vəziyyətin nizama salınacağına ümid etdiyini bildirib, hərçənd, paralel olaraq Kremlin "blokadanın davam edəcəyi təqdirdə ssenarilərin" üzərində işlədiyini də söyləyib.
Əlavə edək ki, Putindən fərqli olaraq, Belarus prezidenti Aleksandr Lukaşenko o qədər də prinsipiallıq göstərməyərək, ABŞ xalqını Müstəqillik günü münasibətilə Belarus xalqı və öz adından təbrik edib.
"Bu bayram günündə bütün amerikalılara hər bir insana aydın olan, rifah halından və dərisinin rəngindən asılı olmayaraq hamını birləşdirəcək sadə şeyləri-möhkəm cansağlığı, sülh, sabitlik və gələcəyə inam arzulayıram, bunlar isə birlikdə səy göstərməklə mümkündür", - Belarus lideri deyib.
Lukaşenko "ailələri, cəmiyyətləri, bütöv qitələri dağıdan ixtilafları unutmağı, bu günkü həyəcanlı və təhlükəli vəziyyətdən çıxış yollarının axtarılması məqsədilə səylərin birləşdirilməsini təklif edib".
Xatırladaq ki, bu günlər Belarus prezidenti məlumat verib ki, o, Belarusun Rusiya-Ukrayna müharibəsində rolunu "çoxdan müəyyən edib" və vurğulayıb ki, Rusiya və Belarus "vahid silahlı qüvvələr qruplaşmasını" yaradıb.