İsveç Hərbi Hava Qüvvələrinə məxsus “Poseydon” gəmisi taxta qayıqlarda kontinental Avropaya üzüb gəlməyə çalışan miqrantları xilas etmək üçün avqustun 26-da İtaliya sahil mühafizə xidməti tərəfindən Liviyanın ərazi sularına göndərilib.
İsveç KİV-ləri ölkənin sahil mühafizə xidməti nümayəndəsinə istinadla xəbər verir ki, hadisə yerinə gələn İsveç dənizçiləri salamat qalan 439 nəfəri gəminin bortuna qaldırıblar. Qayığın anbarında isə 40 miqrantın cəsədi aşkarlanıb. İnsanların xilas edilməsi əməliyyatı İtaliya sahil mühafizə xidmətinin əlaqələndiriciliyi ilə keçirilib. İtaliya gəmisi də hadisə yerində olub.
Məlumata görə, ötən gün 10 qayıqdan fəlakət siqnalı daxil olub. Görülən tədbirlər sayəsində azı 2000 miqrant xilas edilib.
Qeyd edək ki, İsveç gəmisi Avropa İttifaqının “Frontex” Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinin axtarış-xilasetmə missiyası çərçivəsində Aralıq dənizində olub. Aİ ölkələrinin gəmiləri “Triton” adlı əməliyyat çərçivəsində görünməmiş miqrant axını ilə bağlı ağır vəziyyətdə İtaliya xidmətlərinə kömək edirlər.