Türkiyə Ali Seçki Komissiyası xarici ölkə seçiciləri üçün səsvermənin tarixini açıqlayıb
Türkiyə Ali Seçki Komissiyası noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə dair açıqlama verib.ANS PRESS-in məlumatına görə, seçkilər təkcə ölkədə deyil, eləcə də xaarici ölkələrdə yaşayanlara da şamil olunacaq. Xarici ölkələrdəki seçicilər üçün səsvermə oktyabrın 8-də başlayacaq. Onlar xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə və ölkənin gömrük-keçid məntəqələrində səs verəcəklər.
Xarici ölkələrdə keçirilən səsvermə oktyabrın 25-dək, gömrük-keçid məntəqələrində isə noyabrın 1-dək davam edəcək.
Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvəqqəti hökümət qurmaq üçün baş nazir Əhməd Davudoğluna göstəriş verib. O da müvəqqəti hökumətdə nazir olmaq üçün 3 partiyadan 11 millət vəkilinə təklif məktubu yollayıb. CHP-dən 5, MHP-dən və HDP-dən 3 millət vəkilinə yeni hökumətdə nazirlər kabinetinin üzvü olmaq təklif olunub.
Türkiyənin baş nazirliyinin məlumatına əsasən , CHP-dən İstanbul millət vəkili Erdoğan Toprak, Ankara millət vəkili Ayşe Gülsün Bilgehan, İstanbul millət vəkili İlhan Kesici, Antalya millət vəkili Dəniz Baykal, Ankara millət vəkili Tekin Bingöl; MHP-dən İzmir millət vəkili Əhməd Kənan Tanrıkulu, Ankara millət vəkili Tuğrul Türkeş, İstanbul millət vəkili Meral Akşener; HDP-dən İstanbul millət vəkili Abdullah Levent Tüzel, İzmir millət vəkili Müslüm Doğan və Kocaeli millət vəkili Əli Haydar Koncaya nazirlər kabinetinin üzvü olmaq təklif olunub.