Xəbər verdiyimiz kimi, Madriddə keçirilən dördtərəfli görüşdən sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.
Qaziler.az Modern.az-a istinadla xəbər verir ki, memorandumda qeyd olunub ki, Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, PKK və digər terror təşkilatlarının, eləcə də onlarla əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür.
Bundan əlavə, hər iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etməyə razılaşıb.
Eyni zamanda qeyd olunub ki, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinİ qaldıraraq əməkdaşlığı artıracaq.
Finlandiya və İsveçin Türkiyənin tələblərini qəbul etməsindən sonra Ərdoğan hər iki ölkənin NATO-ya daxil olmasına razılıq verəcəyini vurğulayıb.
Xatırladaq ki, NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər. Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.
Bundan öncə Prezident Ərdoğan bildirmişdi ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.