PKK terror təşkilatının üzvləri Türkiyədə su elektrik stansiyasına hücum edilər. APA TV-nin məlumatına görə, terrorçuların hədəfi Bingöldə inşası davam edən stansiyada işləyən fəhlələr və obyekti mühafizə edən əsgərlər olub. PKK üzvləri fəhlələrin qaldığı yataqxananı və əsgərlərin qaldığı kazarmanı qumbaraatanlardan atəşə tutublar. Əsgərlərin cavab atəşindən sonra qaranlıqdan yararlanan terrorçular qaça biliblər.
Hücum nəticəsində stansiyanın üç fəhləsi yaralanıb. Yaralılar helikopterlərlə Bingöl dövlət xəstəxanasına çatdırılıblar. Terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.
Osmaniyədə isə patrul həyata keçirən zirehli maşına hücum olub. Zirehli maşının yolunda partlayış törədilib. Partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında atışma olub. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.