ABŞ-ın Virciniya ştatında telekanallardan birinin iki əməkdaşı canlı yayımda qətlə yetirilib. Ölənlər müxbir Elison Parker və operator Adam Uorddur. Hadisədən dərhal sonra telekanalın rəhbəri Cef Marks televiziya əməkdaşlarının kim tərəfindən qətlə yetirildiyini bilmədiyini deyib.
Çox keçmədən hadisəni törədənin həmin telekanalın keçmiş əməkdaşı Vester Li Flanaqan olduğu bildirilib. Brays Uilyams adı ilə də tanınan həmin şəxs bir müddət əvvəl işdən qovulub. O, qətliamın özü tərəfindən çəkilmiş görüntülərini "Twitter"də paylaşıb.Vester Li Flanaqan qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları onu avtomobildə yaralı vəziyyətdə aşkarlayıb. Məlum olub ki, o, intihara cəhd edib. Keçmiş televiziya əməkdaşı xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, ölən jurnalist Elison Parkerin 24, operator Adam Uordun isə 27 yaşı olub.