Türkmənistan polisi kosmetika mağazalarında reydlərə başlayıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri kosmetikanın “vətəndaşların sağlamlığına və görünüşünə” zərər verə biləcəyinə inanaraq, onun piştaxtalardan yığışdırılmasını tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə dodaq boyası, kirpik üçün tuş və dırnaq boyasının satışına qadağa qoyub.
Bildirilib ki, polis şəxsi gigiyena vasitələri - şampunlar və duş gelləri satmağa icazə verir. Qadağan olunan kosmetik vasitələrin tam siyahısı hələ açıqlanmayıb.
Buna etiraz edən sahibkarlar və satıcılar bildirib ki, təhlükəsizlik qüvvələri bəzən heç bir göstəriş olmadan öz prinsiplərinə əsasən fəaliyyət göstərir.
Qeyd edək ki, bu ilin aprelində Türkmənistanda botoks qadağan edilmişdi. Eyni zamanda kirpiklərin, dırnaqların uzadılması, qırışların açılması və dodaqların böyüdülməsi kimi xidmətlərə qadağa qoyulmuşdu.