Dünya Səhiyyə Təşkilatı Qərbi Afrikada son dörd həftədə (28 iyuldan etibarən) Ebola virusuna 256 yeni yoluxma və 8 ölüm faktı qeydə alıb. Bu göstərici Cenevrədə dərc olunmuş statistik məlumatda əksini tapıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ümumilikdə epidemiyanın əvvəlindən bəri Liberiya, Serra-Leone və Qvineyada ölümcül xəstəlikdən 11 min 287 nəfər həyatını itirib, 28 min nəfər isə bu virusa yoluxub.
Liberiyada Ebola qurbanlarının sayı 4 min 806 nəfər, yoluxanların sayı isə 10 min 666 nəfər təşkil edib. Serra-Leonedə və Qvineyada da hələ ki, virusa tam qalib gəlmək mümkün olmayıb. Epidemiyanın başladığı dövrdən bəri Serra-Leonedə 3 min 952 nəfər həlak olub, 13 min 541 yoluxma halı qeydə alınıb. Qvineyada isə Ebola virusuna yoluxan və həyatını itirənlərin sayı nisbətən azdır: müvafiq olaraq 3 min 792 və 2 min 527 nəfər.Bundan başqa həyat üçün təhlükəli virusa yoluxma halları həmçinin Mali, Nigeriya, Seneqal, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ-da da qeydə alınıb. Buna baxmayaraq, həmin ölkələrin əksəriyyətində yoluxanların sayı 10 nəfəri keçmir. Onların arasında yalnız 20 nəfərin yoluxduğu və 8 nəfərin dünyasını dəyişdiyi Nigeriya istisna təşkil edir.