“Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri, təxminən, 31 900 rusiyalı hərbçi həlak olub”.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, iyunun 10-na olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1409 tank, 3450 zirehli maşın, 712 artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 hava hücumundan müdafiə sistemi, 212 təyyarə, 178 helikopter, 572 operativ-taktiki PUA, 125 qanadlı raket, 13 gəmi/qayıq, 54 xüsusi texnika təşkil edib.
“Ötən sutka ərzində düşmənin ən böyük itkisi Baxmutov və Xarkov istiqamətlərində qeydə alınıb”, - Ukrayna Baş Qərargahının məlumatında deyilir.
Məlum olub ki, Xarkov vilayətində ukraynalı müdafiəçilərlə döyüşlərdə verilən çoxsaylı itkilərə görə Rusiya Silahlı Qüvvələri 1-ci Ordu Korpusunun motoatıcı bölməsi bütünlüklə döyüş əməliyyatlarında iştirakdan imtina edib”.
Məlumata görə, Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alaraq 10 tankını, 7 artilleriya sistemini, 4 zirehli döyüş maşınını, 3 xüsusi zirehli avtomobili, 4 avtomobilini və sursat anbarını məhv edib. Ukrayna Hava Hücumunda Müdafiə qüvvələri Rusiyanın “Orlan-10” tipli 5 PUA-sını sıradan çıxarıb.