“Gadget Lab” şirkəti müxtəlif ölkələrdə daha çox istifadə olunan mobil brauzerlər haqqında hesabat təqdim edib.
Məlumata görə, “Windows Phone” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon istifadəçilərinin 97,45 faizi internetə daxil olmaq üçün quraşdırılmış "Internet Explorer” mobil brauzerindən istifadə edir, "iOS” sistemli qurğu istifadəçilərinin 95,76 faizi "Safari” brauzerinin mobil versiyasından yararlanır.
Böyük Britaniya, İsveç, Fransa, İtaliya, Niderland, ABŞ, Kanada, Yaponiya və Rusiyada mobil qurğulardan internetə daxil olmaq üçün daha çox "Safari” brauzerindən istifadə olunur. Bu isə ilk növbədə onu deməyə əsas verir ki, qeyd edilən ölkələrdə "iPhone” sahibləri internetə digər platformalarla işləyən qurğu istifadəçilərindən daha çox daxil olur.
Bildirilir ki, “Chrome” brauzerinin mobil versiyası da populyarlıq qazanıb və ondan daha çox Polşa, Avstriya, Türkiyə, Meksika, Braziliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikasında (CAR) istifadə edilir. “Safari”nin populyarlığa görə ikinci brauzer olduğu Çində ən populyar brauzer “Chrome” yox, standart "Android” brauzeridir.
“Safari” brauzerindən istifadədə ən yüksək faiz göstəricisi Danimarkada müşahidə edilir. "Chrome” isə daha çox Peruda populyardır.
Həmçinin qeyd olunur ki, “Firefox” brauzerindən hamıdan çox Estoniya sakinləri yararlanır, "Internet Explorer” Finlandiyada daha çox populyarlıq qazanıb, Belarus sakinləri "Opera” brauzerinin mobil versiyasını yüksək qiymətləndirir, - "Internetua” yazır.