AFP agentliyinin verdiyi məlumata görə, Bolqarıstan hakimiyyət orqanları Makedoniyada qaçqınlar problemi ilə əlaqədar olaraq, bu ölkə ilə sərhəddə zirehli texnika yerləşdiriblər. Bolqarıstan Müdafiə Nazirliyinin bu barədə çərşənbə axşamı, avqustun 25-də yaydığı məlumatda bildirilir ki, sərhəd mühafizəsini gücləndirmək məqsədilə dörd nəzarət-buraxılış məntəqəsinə 25 hərbi qulluqçu və bir neçə zirehli yüngül döyüş maşını göndərilib.
AFP yazır ki, söhbət “ehtiyat tədbirləri” barədə gedir. Zərurət yaranarsa, sərhəddəki şəxsi heyətin və texnikanın sayı artırıla bilər. Nazirliyin rəsmi nümayəndəsi Daniel Stefanovun sözlərinə görə, hərbçilərin vəzifəsi sərhəddə patrul xidməti keçmək deyil, sərhədçilər arasında müvafiq hazırlıq işləri aparmaqdan ibarət olacaq.
Bolqarıstan hakimiyyət orqanlarının məlumatına görə, 2015-ci ilin əvvəlindən indiyə qədər 9,2 mindən çox adam bu ölkədə sığınacaq istəyib. Makedoniyadan fərqli olaraq Bolqarıstan Avropa İttifaqının üzvüdür, lakin o, Şengen sazişi zonasına daxil deyil. Yaxın Şərqdən olan miqrantların əsas hissəsi bu ölkəyə Türkiyə ərazisindən keçir. Bolqarıstan bu yolu bağlamaq üçün Türkiyə sərhədində 30 kilometr uzunluğunda sərhəd hasarı tikir.