ABŞ-ın Qərbi Virciniya ştatında 14 yaşlı yeniyetmə məktəbdə bir neçə şagirdi və müəllimi girov götürüb. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Qərbi Virciniya ştatının Filippi şəhərində 14 yaşlı silahlı yeniyetmə məktəbdə bir neçə şagirdi və müəllimi girov götürüb. Bununla bağlı polis bölməsinə xəbər daxil olub ki, Filippi şəhərində yerləşən məktəblərin birinə tapança ilə silahlanmış bir kişi daxil olub , müəllimləri və bir neçə şagirdi əsir götürüb. Hadisə yerinə gələn polis cinayətkarın 14 yaşlı yeniyetmə olduğunu müəyyən edib.
İnsidentin baş verdiyi əraziyə dərhal əlavə polislər də cəlb olunublar. Məktəbdə olanlar təxliyə edilib. Yeniyetmə könüllü olaraq silahı polisə təhvil verib və girovları azad edib.İnsident zamanı xəsarət alan olmayıb. Məktəbli səhhətinin yoxlanılması üçün xəstəxanaya aparılıb. Onun hadisəni hansı səbəbdən törətdiyi, hələ ki, məlum deyil.