Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30 950 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 367 ədəd tankı, 3 366 ədəd zirehli döyüş maşını, 675 ədəd artilleriya sistemi, 210 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 2 329 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 535 ədəd dronu, 121 qanadlı raket və 51 ədəd xüsusi texnikası məhv edilib.
Məlumata görə, Popasna istiqamətində 8-ci Ümumi Ordunun 150-ci motoatıcı diviziyasının bəzi hissələri, şəxsi heyətin, silahların və texnikanın ən azı 50% -i məhv edilib:
“Düşmənin şəxsi heyəti ruhdan düşüb. Rusiya ordusunun şəxsi heyəti döyüş əməliyyatlarında iştirak etmək istəmir. Son sutkada qarşı tərəfin Donetsk və Luqansk istiqamətlərində 5 hücumu dəf edilib. Həmçinin 5 tankı, 3 artilleriya sistemi və 2 zirehli döyüş maşını vurulub. Hava hücumundan müdafiə bölmələri üç ədəd Orlan-10 PUA-sını məhv edib. Digər ərazilərdə də Rusiya Silahlı Qüvvələri xeyli itki verib”.