Avqustun 24-də Latviya Milli Silahlı Qüvvələrinin Adaji poliqonunda və Oqra diyarında beynəlxalq hərbi təlimlər başlanıb. ABŞ silahlı qüvvələri ilə birlikdə təşkil edilmiş bu təlimlərdə Latviya, Litva və ABŞ-dan 200-ə yaxın hərbi qulluqçu iştirak edir.
Latviya Müdafiə Nazirliyindən verilən məlumata görə, bu təlimlərin əsas məqsədi atəşlə dəstək mütəxəssislərinin qabiliyyətlərindən istifadə edilməsində bölmələrin səmərəli qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, Quru Qoşunları və Hərbi Hava Qüvvələri elementlərini əlaqələndirməkdir. Adaji poliqonunda hərbi manevrlər sentyabrın 4-dək davam edəcək, sentyabrın 6-dan 11-dək hərbi qulluqçular Oqra diyarının Madliyen, Keypen və Taurub volostlarına keçəcəklər.
AZƏRTAC BNS agentliyinə istinadla xəbər verir ki, hərbi təlimlər çərçivəsində quru qoşunlarının piyada briqadaları “ümumi istifadəli yollarla”, hava texnikası isə aşağıdan uçan təyyarə və helikopterlərin marşrutları boyunca hərəkət edəcəklər.
Avqust ayından etibarən Latviyada hərbi təlimlərin fəal dövrü başlanıb. Bu il həmin təlimlərin çoxunda ABŞ-ın və digər mütəffiqlərin hərbi qulluqçuları və döyüş texnikası iştirak edəcək. Sentyabrın 14-dən 29-dək Latviyada “Silver Arrow 2015” (“Gümüş ox”) hərbi təlimləri keçiriləcək. Bu təlimlərdə 1000 nəfərdən çox xarici hərbi qulluqçu iştirak edəcək. Quru qüvvələrinin “Silver Arrow 2015” hərbi təlimlərində Latviya, Danimarka, Kanada, Almaniya, ABŞ və Böyük Britaniya silahlı qüvvələrinin bölmələri iştirak edəcəklər. Bu təlimlərin məqsədi NATO üzvü olan ölkələrin qarşılıqlı fəaliyyətini, müdafiə və hücum əməliyyatları zamanı silahlı qüvvələrin konvensional döyüş əməliyyatlarında iştiraka hazırlığını, müdafiə sahəsində qarşılıqlı fəaliyyəti təkmilləşdirməkdir.
Latviyanın təzə təyin edilmiş müdafiə naziri Raymond Berqmanis bildirib ki, 2016-cı ildə Latviya dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər 350 milyon avro və ya ümumi daxili məhsulun 14 faizi qədər olacaq.
Nazir vurğulayıb ki, bu il Milli Müdafiə Akademiyasına daxil olanlar üçün müsabiqə şərtləri əvvəlki illərdəkindən daha ciddi olub. Hazırda Latviyada təqribən 5.000 nəfər peşəkar hərbi xidmətdədir, lakin yaxın gələcəkdə onların sayını artıraraq 6.000 nəfərə çatdırmaq nəzərdə tutulur.