Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər?

Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər? backend

Putin sözdən əmələ keçərsə, Qərb, daha dəqiqi, NATO ölkələri Rusiyanın nüvə hücumuna necə cavab verə bilər?

Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Daily Express” nəşrində bu mövzuda dərc edilmiş məqalədə öncə amerikalıların hesablamasına istinadla bildirilir ki, Rusiyanın arsenalında 5977 nüvə başlığı var. NATO üzvü olan dövlətlər isə ümumilikdə 5943 nüvə başlığı ehtiyatına malikdir.

NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, alyansın bir üzvünə hücum bütün üzvlərə hücum deməkdir. Yəni bir NATO ölkəsinə hücum olarsa, alyansın qalan 29 üzvü buna cavab verməlidir.

1949-cu ildə yaradılan, mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən NATO-nun 30 üzvü var: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Türkiyə, Yunanıstan, Almaniya, İspaniya, Çexiya, Macarıstan, Polşa, Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya.

“Daily Express”in yazdığına görə, Londonda çıxan “Evening Standart” nəşrinin müdafiə məsələləri üzrə redaktoru Robert Foks bildirib ki, Rusiya hər hansı NATO ölkəsinə nüvə zərbəsi endirsə, şübhəsiz, buna eyni silahla cavab veriləcək.

Cavabın sürətinə və miqyasına gəlincə, Robert Foks iddia edib ki, Qərb Rusiyanın Moskva və Sankt-Peterburq kimi şəhərlərini dəqiqə yarıma – 90 saniyəyə yer üzündən silə bilər: “Nüvə şantajı olduqca mürəkkəb oyundur və düşünürəm ki, rus generalları bunu yaxşı bilirlər. Putin ordusunun ağlı başında olan istənilən zabiti anlayır ki, belə müharibədən heç kim qalib çıxmır”.

Bu yaxınlarda BBC radiosunun redaktoru Stiv Rozenberq sosial şəbəkədə qeyd edib ki, Rusiyanın dövlət televiziyası Moskvanın “Sarmat” qitələrarası ballistik raketi ilə Böyük Britaniyanı suya qərq edə biləcəyi barədə süjet yayıb.

Ancaq “Daily Express” yazır ki, Rusiya Britaniyanın nüvə başlıqlı raketi səmada zərərsizləşdirmək imkanında olduğunu unutmamalıdır: “Məsələn, Böyük Britaniya Amerikanın “ulduz müharibələri” üçün nəzərdə tutulmuş strateji müdafiə sistemindən yararlana bilər. Bu sistem hələ 1984-cü ildə, Ronald Reyqan ABŞ prezidenti olanda, Amerika ilə SSRİ arasında soyuq müharibənin hökm sürdüyü dövrdə yaradılıb”.

Bundan başqa “Daily Express” Böyük Britaniyanın paytaxt Londonu və ətraf əraziləri nüvə hücumundan qorunmaq üçün alternativ variant kimi idarəolunan raketlərlə təchiz edilmiş “Derinq” tipli minadaşıyan gəmilərdən ibarət eskadranı Temza çayına çıxara biləcəyini də vurğulayıb.

Diaspora