Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb

Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb backend

Ukraynada müharibə başlanandan sonra rusiyalıların televiziyalara inamı azalıb.

Novator.az-ın məlumatına görə, bunu ABŞ-da yerləşən “GroupM” beynəlxalq reklam qrupunun təşkilatçılığı ilə mart-aprel aylarında keçirilmiş sorğunun nəticələri göstərib.

Sorğu Rusiyanın 18-60 yaşlı 1700 nəfər sakini arasında aparılıb.

Nəticələri təqdim edən sosioloqlar bildirirlər ki, martın 17-də rusiyalı respondentlərin 33%-i televiziyaları daha çox etibar etdiyi informasiya mənbəyi kimi göstərmişdi. Aprelin 27-də isə televiziyalara etibar edənlərin sayı 23%-ə düşüb.

Bu tendensiyanın həm iri şəhərlərdə, həm də şəhərlərdən kənarda yaşayan əhali arasında qeydə alındığı vurğulanır. Martın 17-də iri şəhərlərdən qıraqda yaşayan respondentlərin 34%-i televiziyaları prioritet media kimi göstərmişdisə, aprelin 27-də bu rəqəm 24%-ə enib.

Moskva və Sankt-Peterburq şəhərlərinin sakinləri arasında etibarlı informasiya mənbəyi kimi televiziyanı seçənlərin sayı mart ayında 27% olmuşdu, aprelin 27-də 21% olub.

Rusiyalıların xəbər saytlarına, o cümlədən rəsmi saytlara inamı da azalıb: martın 17-də respondentlərin 26%-i, aprelin 27-də isə 23%-i onları etibarlı mənbə adlandırıb.

Sosial şəbəkələrə, o cümlədən Rusiyada populyar olan “Telegram” kanalına, bloqlara inam isə artıb. Belə mənbələrə üstünlük verənlər üzrə göstərici 19%-dən 23%-ə yüksəlib. Hətta 45-60 yaş arası respondentlərin 25%-i inandığı informasiya mənbəyi kimi sosial medianı göstərib, halbuki martda həmin yaş qrupundan olanların sosial mediaya inamı 20% olmuşdu.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub, ölkənin 603 min 548 kvadrat kilometrlik ərazisinin 44 min 170 kvadrat kilometri işğal altına düşüb.

2022-ci il fevralın 24-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.

loading...
Diaspora