Ukrayna Rusiya generallarını ABŞ-ın köməyi ilə "aradan götürürmüş"

Ukrayna Rusiya generallarını ABŞ-ın köməyi ilə  "aradan götürürmüş" backend

Birləşmiş Ştatlar ukraynalılara bir çox Rusiya generalını öldürmək üçün Rusiya bölmələri haqqında kəşfiyyat məlumatları təqdim edib. Onlar Ukrayna müharibəsi zamanı döyüş meydanında məhv ediliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə “The New York Times” yazır. Məlumata görə, Ukrayna hərbçiləri cəbhə xəttində 12 generalı öldürüb və bu rəqəm həqiqətən də bir çox hərbi analitikləri şoka salıb. Döyüş sahəsinin dəqiq koordinatlarını müəyyən etməyə kömək etmək Bayden administrasiyasının Ukraynanı kəşfiyyatla təmin etmək üçün gizli səylərinin bir hissəsidir. Bu kəşfiyyata Rusiya qoşunlarının ehtimal olunan hərəkətləri də daxildir.

ABŞ-ın yüksək rütbəli rəsmilərinin sözlərinə görə, Rusiya ordusunun tez-tez hərəkət edən mobil qərargahını və digər təfərrüatları ABŞ nəzarətdə saxlayıb. Ukrayna rəsmiləri təqdim edilən bu coğrafi məlumatı artilleriya zərbələri və digər hücumlar həyata keçirmək üçün öz kəşfiyyat məlumatları ilə, o cümlədən ələ keçirilən rabitə ilə birləşdirib. ABŞ kəşfiyyatının ukraynalılara dəstəyi döyüş meydanında həlledici təsir göstərib. Belə ki, Ukrayna hərbçilərinin müəyyən etdiyi hədəfləri təsdiqləyib və onları yeni hədəflərə yönəldib. Amerika rəsmiləri məlumatların ötürülməsinin gərginlik yaradacağından və Rusiya prezidenti Vladimir Putini daha geniş müharibəyə təhrik edəcəyindən ehtiyat edərək, döyüş meydanındakı kəşfiyyat məlumatlarının çoxunu gizli saxlamağa çalışıblar. ABŞ kəşfiyyat orqanları rus qoşunlarının hərəkətini izləmək üçün müxtəlif mənbələrdən, o cümlədən gizli və kommersiya peyklərindən istifadə edib.

Bir müddət əvvəl müdafiə naziri Lloyd Austin qeyd etmişdi ki, “Rusiyanın Ukraynanı işğal edərkən arzuladığını edə bilməyəcək qədər zəiflədiyini görmək istəyirik”.

Kəşfiyyat məlumatlarının ukraynalılarla paylaşılması ilə bağlı suala Pentaqonun sözçüsü Con Kirbi cavab vermək istəmədiyini bildirib. Lakin o, etiraf edib ki, Birləşmiş Ştatlar Ukraynanı özünü qorumaq üçün istifadə edə biləcəyi məlumat və kəşfiyyat məlumatları ilə təmin edir. Ancaq Rusiya generallarının öldürülməsi üçün bütün məlumatlar Amerika kəşfiyyatı tərəfindən ötürülməyib. Bir çox ABŞ rəsmilərinin sözlərinə görə, həftə sonu Ukraynanın şərqində - İzyum şəhərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi general Valeri Gerasimovun ziyarət etdiyi əraziyə endirilən zərbə ABŞ kəşfiyyatı tərəfindən dəstəklənməyib. Həmin zərbə nəticəsində Gerasimovun ayağından yaralandığı xəbər verilir. Ukraynalılar öz kəşfiyyat məlumatları əsasında general Gerasimovun olduğu yerə zərbələr endiriblər.

Bayden administrasiyası kəşfiyyat məlumatları ötürməklə yanaşı, Ukraynanı müharibədə qələbə çala bilməsi üçün təkmilləşdirilmiş yeni silahlarla təmin edir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində Amerika kəşfiyyatı Kiyevə rus qoşunlarının raket zərbələri və bombalar atacağı ilə bağlı dəqiq vaxt və yeri barədə məlumat vermişdi. Bu məlumatlar Ukraynaya hava hücumundan müdafiə sistemlərini və aviasiyanı xilas etməyə kömək etmişdi.

Diaspora