"Ermənistan Kütləvi İnformasiya vasitələrində Azərbaycan tərəfinin cəbhədə itkilər verməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib. O bildirib ki, Azərbaycan ordusu heç bir itki verməyib və erməni tərəfinin yaydığı məlumatlar dezinformasiyadır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhəninAğdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək Azərbaycan ordu komandanlığı tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Erməni tərəfinin növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfin meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Ermənistan mətbuatı isə cəbhədə 4 Azərbaycan hərbçisinin ölməsi, 15-dən çox hərbçinin yaralanması barədə xəbər yayıb.