Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun itkilərini açıqlayıb.
Bu barədə Baş Qərargahın feysbuk səhifəsində məlumat paylaşılıb.
Qeyd edilib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan indiyədək Rusiya, təxminən, 24 200 hərbçisini itirib: "Həmçinin 84 qanadlı raket, 2 567 zirehli döyüş maşını, 1 062 tank, 475-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1843 avtomobil texnikası, 10 kater və 30 xüsusi texnika vurulub".
Baş Qərargahdan verilən məlumata görə, son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub.
“Volın, Polissya və Siverski istiqamətlərində qarşı tərəfin ciddi hücumları olmayıb. Slobojanski istiqamətində düşmən Xarkov şəhərini və yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutmağa davam edir. İzyum istiqamətində bölmələrimiz intensiv atəşə məruz qalıb. Donetsk istiqamətində isə Rusiya ordusunun əsas səyləri Rubijne və Popasna yaşayış məntəqələri üzərində tam nəzarətin yaradılmasına, habelə Liman və Slovyansk yaşayış məntəqələri istiqamətində irəliləməyə yönəlib”, - xəbərdə vurğulanır.
Məlumatda, həmçinin göstərilib ki, son sutkada Donetsk və Luqansk vilayətlərində Rusiya ordusunun 12 hücumunun qarşısı alınıb.
“6 tank, 5 artilleriya sistemi, 22 zirehli döyüş maşını və 8 texnikası məhv edilib. Qarşı tərəf digər ərazilərdə də itki verib. Onların müvəqqəti işğal etdiyi ərazilərdə fəal müqavimət davam edir”.