İrəvanın mərkəzindəki Respublika meydanında vəziyyət yenidən gərginləşib. APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları meydana aparan Vazgen Sarkisyan küçəsini bağlamağa cəhd edib, lakin polisin müdaxiləsindən sonra bu cəhdin qarşısı alınıb.
Məlumata görə, İrəvan polisinin rəis müavini Valeri Osipyan meydana gələrək müxalifət fəallarını dağılışmağa çağırıb.
Qeyd edək ki, bundan az əvvəl polis aksiya iştirakçılarından 10 nəfəri saxlayıb. Məlumata görə, onların saxlanmasına səbəb polisin tələblərinin yerinə yetirilməməsi olub.
Məlumata görə, fəallar İrəvanın mərkəzindəki Respublika meydanına avtomobil şinləri gətiriblər. Onlar polisin təkərləri meydandan yığışdırmaq tələbinə əməl etməkdən imtina ediblər.
Saxlanılan etirazçıların şəxsi əşyalarının da polis tərəfindən götürüldüyü bildirilir.
Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər.